“Bəhrə” Ağır Atletika klubunun üzvü birincilik qazanıb

26/05/2023
Ağır Atletika Akademiyasında yeniyetmələr arasında ağır atletika üzrə Azərbaycan birinciliyi keçirilib.
Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri təmsil edən rekord sayda - 150-yə yaxın atlet iştirak edib.
 
Yarışın keçirilməsində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, idmanın bu növünün inkişaf səviyyəsinin müəyyənləşdirilməsi, perspektivli yeniyetmə ağır atletlərin aşkar olunması, yeniyetmə oğlan və qızlardan ibarət yığma komandaların formalaşdırılması, beynəlxalq yarışlara hazırlanmasıdır.
Qız idmançıların yarışı daha maraqlı idman mübarizəsi şəraitində keçib. Yarışda qalib adını qazanan idmançılardan biri də “Bəhrə” Ağır Atletika klubunun üzvü 13 yaşlı Malika Biçekyevadır (45 kq-lıq çəki üzrə). İdmançı dörd ildir ki, bu klubun üzvüdür, məşqçi Maxti Makkayevin yetirməsidir. İndiyədək bir çox yarışlarda iştirak edib, mükafatlar qazanıb.
 
“Azərpambıq Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin dəstəyi ilə fəaliyyət göstərən “Bəhrə” Ağır Atletika klubunda hal-hazırda 40-a yaxın yeniyetmə və gənc idmançı məşq edir. Klubda idmançıların məşq etməsi üçün hər cür şərait yaradılıb, müvafiq ləvazimatlarla təchiz olunub.