“Azərpambıq”da İndoneziya ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

12/10/2026

«Azərpambıq Aqrar Sənaye Kompleksi» MMC Azərbaycan pambıqçılığının rəqabət qabiliyyətinin artırılması, ixrac potensialının genişləndirilməsi və beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Bu məqsədlə Cəmiyyətin direktoru Fəxri Mehdiyev İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Berlian Helmini ilə görüşüb. Görüşdə Azərbaycan və İndoneziya arasında siyasi-iqtisadi münasibətlər, pambıqçılıq sahəsində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı faydalı tərəfdaşlıq imkanları müzakirə olunub.

Görüş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası, aqrar məhsulların ixracının artırılması və emal sahələrinin inkişafı baxımından da əhəmiyyət daşıyır.

Müzakirələr zamanı Azərbaycan pambığının İndoneziyaya ixracı, Azərbaycan xammalı əsasında və Azərbaycan tərəfinin pay iştirakı ilə bu ölkədə pambıq emalı müəssisəsinin yaradılması, eləcə də İndoneziya investisiyaları hesabına Ələt Azad İqtisadi Zonasında istehsalın təşkili imkanları nəzərdən keçirilib. Ekoloji pambıq layihələri üzrə əməkdaşlıq perspektivləri də diqqət mərkəzində olub.

Qeyd edilib ki, bu təşəbbüslərin reallaşdırılması Azərbaycan pambığının ixrac coğrafiyasının genişləndirilməsinə, yerli xammalın emal imkanlarının artırılmasına və iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına töhfə verə bilər.

Cəmiyyətin rəhbər heyətinin nümayəndələri və İndoneziya səfirliyinin əməkdaşları da iştirak etdikləri görüşdə tərəflər müzakirə olunan istiqamətlər üzrə danışıqların davam etdirilməsində maraqlı olduqlarını bildiriblər.