“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin və “Azər-ipək” MMC-nin rəhbərliyi ilə Tacikistan Respublikasının ölkəmizdə rəsmi-işgüzar səfərdə olan nümayəndə heyətinin görüşü keçirilmişdir

01/10/2024
Nümayəndə heyətinin tərkibinə Baxtiyar Nazirmadzoda (İxrac Agentliyinin direktorunun birinci müavini), Abdullo Suxbat Ziyoiyon (İqtisadi İnkişaf və Ticarət Nazirliyinin Ticarət və İstehlak Bazarı Siyasəti Baş İdarəsinin rəisi), Timur Yoribekov (Sənaye və Yeni Texnologiyalar Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri), Loik Raximov (Kənd Təsərrüfatı Nazirliyinin Aqrar siyasət və özəl sektora dəstək şöbəsinin müdiri), Umed Zoirzoda (“TajAzerTrade” MMC birgə müəssisəsinin direktor müavini) və başqaları daxil olmuşdur.
 
Görüşdə Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri İlxom Abduraxmon da iştirak etmişdir.
Görüşdə 20 may tarixində keçirilmiş Tacikistan-Azərbaycan biznes forumunda “Azərpambıq ASK” MMC ilə Tacikistan Respublikası Hökuməti yanında Dövlət Maddi Ehtiyatları Agentliyi (qarşılıqlı ticarət sahəsində əməkdaşlıq haqqında), “Vodii Zarrin” Aqrar Alyansı MMC (pambıq istehsalı, xam pambıq emalı və tekstil istehsalı sahəsində əməkdaşlıq haqqında), “Tacaqropromeksport” Dövlət Unitar Müəssisəsi (qarşılıqlı ticarət sahəsində əməkdaşlıq haqqında), “Marmari” MMC (pambıq istehsalı, pambıq toxumu emalı sahəsində əməkdaşlıq haqqında), “Lesinvest” MMC (pambıq yağının satışı sahəsində əməkdaşlıq və tekstil istehsalı sahəsində təcrübə mübadiləsi haqqında), “Sırdəryo MMC” (ixrac-idxal əməliyyatları sahəsində əməkdaşlıq haqqında) imzalanmış müqavilələrdən irəli gələn məsələlərin həlli istiqamətində görülmüş işlər müzakirə olunmuşdur.
 
Cənab səfir “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisələri ilə əlaqələri ölkələrimiz arasında münasibətlərin yeni və məhsuldar mərhələsi kimi qiymətləndirmişdir. Nümayəndə heyətinin üzvləri yaxın gələcəkdə Tacikistan Respublikasının müvafiq qurumları və “Azər-ipək” MMC arasında əməkdaşlıq münasibətlərinin yaradılmasının, müqavilələrin imzalanmasının zəruriliyini vurğulamışlar.
Görüşün sonunda xatirə şəkilləri çəkilmişdir.