Biləsuvarda bu mövsüm 1491 məhsul istehsalçısı pambıq becərəcək

04/05/2021

Biləsuvarda çiyid səpini davam edir. Ötən il 28 min 333 ton xam pambıq istehsal edən biləsuvarlı pambıqçılar cari ildə də yüksək əhval-ruhiyə ilə çalışırlar.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu mövsüm rayonda 10 min 61 hektar sahədə pambıq becərilməsi nəzərdə tutulub. Bunun üçün 1491 torpaq mülkiyyətçisi ilə müqavilə bağlanılıb, şum, arat, malalama işləri vaxtında həyata keçirilib, səpin üçün yüksək reproduksiyalı toxum tədarük olunub. İstehsal müəssisələri və “Aqrolizinq” ASC tərəfindən göstərilən dəstəkdən bəhrələnən pambıqçılar qısa müddətdə 6 min 412 hektar sahədə səpin aparıblar. Səpin aparılan sahələrin 2 min 603 hektarını “MKT-İK” MMC-yə, 1327 hektarı “Azər pambıq” MMC-yə, 1682 hektarı “P-Aqro”ya, 800 hektarı isə “Təcrübə-Sınaq” məntəqəsinə məxsusdur.

Qabaqcıl pambıqçı Nurəddin Mirzəyev rayonda çiyid səpinini birinci başa çatdıranlardandır. O, uzun illərdir ki, pambıq əkini ilə məşğul olur və həmişə də yüksək nəticə əldə edir.

“Ötən il becərdiyim 6 hektar pambıq sahəsinin hər hektarından 60 sentner məhsul götürməklə 35.828 ton pambıq tədarük etdim. Bu il də 6 hektar sahədə pambıq əkmişəm və sahəmdə yaxşı cücərti var. Artıq bitkinin suvarılması ilə məşğulam. Plantasiyadan bol məhsul götürmək üçün ilk gündən bitkiyə nümunəvi qulluq edirəm”, - deyə pambıqçı bildirib.

AZƏRTAC