Rövşən Məmmədov 15 iyun 1975-ci ildə Astara şəhərində anadan olub.

1992-ci ildə Astara şəhər Ceyhun Babayev adına 3 saylı orta məktəbi bitirib.

1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyatın İdarəedilməsi” fakültəsində ali təhsilini fərqlənmə diplomu ilə başa vurub. Londonun “Chartered İnstitute of Management Accountants” institutunun beynəlxalq dərəcəli sertifikatını əldə edərək, “CİMA Certified Business Accountant” tituluna layiq görülüb.

Əmək fəaliyyətinə 1996-cı ildə “Hyatt Hotels Baku” şirkətində başlayıb və 2008-ci ilədək həmin şirkətin iaşə, mühasibatlıq, maliyyə şöbələrində müxtəlif vəzifələrdə çalışıb.

Qazaxstanın Aktau şəhərində yerləşən “Marriott Renaissance Hotel”-də Maliyyə Direktoru kimi iş fəaliyyətinə davam edib.

2010-cu ildə “Marriott” şirkəti tərəfindən Gürcüstanın Tbilisi şəhərində yerləşən “Marriott” otellərinə Klaster Maliyyə Direktoru vəzifəsinə təyin edilib. Bu şirkətdə çalışarkən ümumdünya maliyyə böhranı şəraitində idarəetmədə əldə edilən uğurlu nəticələrə görə müxtəlif təltiflərə layiq görülüb.

2011-ci ildə Bakıda tikilməkdə olan “JW Marriott Absheron” otelinin açılması məqsədilə həmin otelə Maliyyə Direktoru vəzifəsinə təyin olunub.

2014-cü ildə ABŞ-ın “Trump Organization” şirkətindən iş təklifini qəbul edərək Bakıdakı otel layihəsində Maliyyə Direktoru vəzifəsində çalışıb.

2015-ci ildə “Gilan Holdinq” şirkətində yeni yaradılan “Gilan Hospitality Group” otelçilik və turizm portfelinə Baş Maliyyə Direktoru vəzifəsinə təyin olunub.

28 İyul 2020-ci il tarixindən “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin “Maliyyə” departamentinin direktoru vəzifəsinə təyin olunub.