“Azərpambıq ASK” MMC-də 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib

02/02/2023
Fevralın 2-də “Azərpambıq Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib. “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan tədbirdə Cəmiyyətin kollektivi ilə yanaşı, Yasamal rayonunda yaşayan II Qarabağ Müharibəsində döyüşmüş qəhrəman qazilərimiz də iştirak edib.
Tədbirdə çıxış edən “Azərpambıq ASK” MMC-nin nümayəndələri gəncləri təbrik edərək, müasir Azərbaycan dövlətinin gənc nəslə göstərdiyi qayğı və diqqətdən, gənclərimizin nailiyyətlərindən, gələcək perspektivlərindən bəhs ediblər. Çıxışlarda qazilərimizin ölkəmizin ərazi bütövlüyünün qorunmasında nümayiş etdirdikləri rəşadət, onların gənclərimizin mənəvi-psixoloji hazırlığına göstərdikləri təsir xüsusi vurğulanıb. Ölkəmizin qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan pambıqçılıq sənayesinin inkişafında Cəmiyyətin sıralarında çalışan gənclərin yorulmaz fəaliyyətindən bəhs olunub.
Tədbirdə çıxış edən Yasamal Rayonu İcra Hakimiyyəti Başçısı Aparatının nümayəndəsi qazilərin keçdikləri şərəfli döyüş yolundan, göstərdikləri qəhrəmanlıqlardan danışıb, cəbhə xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.
Tədbirin sonunda xatirə fotoları çəkilib, “Azərpambıq ASK” MMC-nin adından qazilərə hədiyyələr təqdim olunub.