Tərtərdə pambıq yığımına başlanılıb

03/10/2022

Tərtər rayonunda pambıq yığımına başlanılıb. Tərtər pambıqçıları əvvəlki illərdə olduğu kimi, bu ili də yüksək göstəricilərlə başa vurmağı qarşıya məqsəd qoyublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il Tərtər rayonu ərazisində 3450,7 hektarda pambıq becərilib. Pambıq istehsalçıları becərmə zamanı lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin olunublar. Sahələrə göstərilən düzgün aqrotexniki tədbirlər - kultivasiya, seyrəltmə, gübrələmə, suvarma işlərinin, zərərvericilərə qarşı dərmanlama tədbirlərinin vaxtlı-vaxtında həyata keçirilməsi nəticəsində bu il də tarlalarda bol məhsul yetişib.

Yığımın ilk günlərində 227,53 ton məhsul toplanıb. Yığılan məhsul “MKT İK” MMC-nin Tərtər filialına və “Azərpambıq” MMC-nin Tərtər pambıq tədarükü məntəqəsinə təhvil verilir.

Ötən il rayonda 3440 hektar sahədə pambıq əkilib, hər hektardan 31,1 sentner olmaqla, ümumilikdə, 10 min 701,5 ton məhsul istehsal edilib.

https://azertag.az/xeber/Terterde_pambiq_yigimina_baslanilib-2317343