Tərtər pambıqçılarının hədəfi cari təsərrüfat ilini də yüksək göstəricilərlə başa vurmaqdır.
Tərtər rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri məhsul yığımını davam etdirirlər. Tərtər pambıqçıları əvvəlki illərdə olduğu kimi, bu ili də yüksək göstəricilərlə başa vurmağı qarşılarına məqsəd qoyublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il rayon ərazisində 3450,7 hektarda pambıq becərilib. “MKT İstehsalat Kommersiya” MMC və “Azərpambıq” MMC ilə bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları becərmə zamanı lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin olunublar. Sahələrə göstərilən düzgün aqrotexniki tədbirlər - kultivasiya, seyrəltmə, gübrələmə, suvarma işlərinin, sofkaya, mənənəyə və digər zərərvericilərə qarşı dərmanlama tədbirlərinin vaxtlı-vaxtında həyata keçirilməsi nəticəsində bu il də tarlalarda bol məhsul yetişib. Artıq tarlalardan 1370,33 ton məhsul toplanıb.
“MKT İstehsalat Kommersiya” MMC-nin Tərtər filialının direktoru Feruz Hacıyev tarlalarda məhsulun əvvəlki ildən çox olduğunu bildirib. Deyib ki, bu il 629 nəfər fermerlə 1800 hektar sahədə pambıq becərilməsi üçün müqavilə bağlanıb. Becərmə işləri bütün aqrotexniki qaydalara əsasən aparılıb. “Tarlaların vəziyyəti qənaətbəxşdir. Barlı kollar yetişib. Keçən il hər hektardan orta hesabla 31,7 sentner məhsul götürmüşdük. Bu il isə məhsuldarlığın daha yüksək olacağını gözləyirik. Səkkiz ədəd pambıqyığan kombayn, 20 ədəd traktor, 46 ədəd qoşqu, 3 ədəd yükləyici pambıq yığımına cəlb olunub. Sentyabrın əvvəlindən tarlalarda defolyasiya işlərinə başlanılıb. Hazırda məhsul yığımı pambıqyığan kombaynlar vasitəsilə həyata keçirilir”, - deyə F.Hacıyev qeyd edib.
Rayonun ən yüksək məhsuldarlığa nail olan fermerlərindən biri Natiq Əliyevdir. O, yüksək məhsuldarlığa görə hər il rayonda birinci olmağı qarşıya məqsəd qoyduğunu bildirərək deyib: “Keçən il hər hektardan orta hesabla 60 sentner məhsul götürmüşdük. Bu il də iki hektarda pambıq becərib, düzgün aqrotexniki xidmət sayəsində bol məhsul yetişdirmişik. Birinci üz yığımdan 10,8 ton pambıq əldə edərək məntəqəyə təhvil verdik. Bu da hər hektardan 54 sentner deməkdir. Pambıq yığımı mövsümünün sonunadək bu göstərici bir qədər də yüksələrək 60 sentneri keçəcək”.
Qəbul məntəqəsinə gətirilən xam pambıqdan əvvəlcə nümunələr götürülür, laboratoriyada nəmlik və təmizlik göstəriciləri müəyyən edilir. Pambıq qapanda çəkildikdən sonra tayaya yığılır, 5-15 gündən sonra emal üçün navesə, sonra quruducu sexə verilir. Tam qurudulmuş pambıq burada emal olunacaq. Bu zaman pambıq tullantılardan təmizlənəcək, mahlıc çiyiddən ayrılaraq preslənəcək, çiyid isə toxum anbarına yığılacaq.