Tərtər pambıqçıları indiyədək tarlalardan 660 tondan çox məhsul toplayıblar

05/10/2021

Tərtər rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri məhsul yığımını davam etdirirlər. İndiyədək tarlalardan 660,79 ton “ağ qızıl” toplanıb. Tərtər pambıqçıları əvvəlki illərdə olduğu kimi, bu ili də yüksək göstəricilərlə başa vurmağı qarşıya məqsəd qoyublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il Tərtər rayonu ərazisində 3440 hektarda pambıq becərilib. “MKT İstehsalat Kommersiya” MMC və “Azərpambıq” MMC ilə bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları becərmə zamanı lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin olunublar. Sahələrə göstərilən düzgün aqrotexniki tədbirlər - kultivasiya, seyrəltmə, gübrələmə, suvarma işlərinin, sofkaya, mənənəyə və digər zərərvericilərə qarşı dərmanlama tədbirlərinin vaxtlı-vaxtında həyata keçirilməsi nəticəsində bu il də tarlalarda bol məhsul yetişib.

Hazırda bütün qüvvələr mühüm strateji məhsul olan pambığın tez və itkisiz yığılmasına səfərbər edilib. Sahələrin 90 faizindən çoxunda məhsulun kombaynlar vasitəsilə yığılması nəzərdə tutulur. Pambıq yığımına 13 kombayn, 63 traktor, 126 qoşqu, 5 yükləyici, 11 çiləyici cəlb edilib.

Keçən il Tərtər rayonunda 2981 hektar sahədə pambıq becərilib, 11 min 580 ton məhsul istehsal edilib. Hər hektardan məhsuldarlıq 38,84 sentner olub.

AZƏRTAC