“Azərpambıq ASK” MMC etibarsız fermerlərə xəbərdarlıq edir

01/11/2022

        “Azərpambıq ASK” MMC respublika ərazisində pambıqçılıq təsərrüfatlarının yaradılmasını, inkişafını dəstəkləyir və bu sahə üzrə fəaliyyət göstərən fermerlərlə sıx əməkdaşlıq əlaqələrini davam etdirir. Xüsusilə Cəmiyyət hər il ayrı-ayrı fermerlərlə bağlanmış hüquqi müqavilələr əsasında aqrotexniki xidmətlərin göstərilməsini və xam pambığın alqı-satqısını təşkil edir.

       “Azərpambıq ASK” 2022-ci ilin pambıq mövsümündə İmişli rayonunun Göbəktala kəndindən Süleymanov Müzəffər Qəzənfər oğlu (10 ha), Qaradonlu kəndindən Cəfərov Müşfiq Abdulsəməd oğlu (9.5 ha), Sabirabad rayonunun Azadakənd kəndindən Məmmədov Elvin Hüsaməddin oğlu (9.1 ha), Məmmədova Asudə Safa qızı (1 ha), Xankişiyeva Aybəniz Safa qızı (1.4 ha), Şəhriyar kəndindən Hüseynov Şahmur Musa oğlu (1.5 ha), Hüseynov Saməddin Ağalar oğlu (2 ha), Sarxanbəyli kəndindən Dövlətov Mehti Saleh oğlu (1ha), Saatlı rayonunun Əhmədbəyli kəndindən Hüseynov Fariz Əlizaman oğlu (10 ha), Ağdam rayonunun Qərvənd kəndindən Əliyeva Sevil Hüseyn qızı (6.46 ha) fermerlərlə üçtərəfli müqavilələr imzalamışdır.   

       Müqaviləyə görə, fermerlər yığılan xam pambığı yalnız “Azərpambıq ASK” MMC-yə satmağı, Cəmiyyət isə, öz növbəsində, mövsüm ili boyu onlara avans vəsaitlər verməyi, xam pambığı (çiyiddən ayrılmamış lifli kütlə) qəbul etməyi, ödəniş etməyi və s. öhdəsinə götürmüşdür.

       Cəmiyyətin öhdəlikləri mərhələli şəkildə yerinə yetirməsinə baxmayaraq, yuxarıda adları göstərilən kəndlərdən olan fermerlər müqavilə şərtlərini kobud şəkildə pozmuş, məhsulu “Azərpambıq ASK” MMC-yə deyil, digər şirkətərə satmışlar.

        “Azərpambıq ASK” MMC bildirir ki, bu qanunsuzluğa yol verən təsərrüfatçıların adları  “etibarsız fermer”lər siyahısına daxil ediləcəkdir. Onlardan hüquqi qaydada borc, cərimə və dəymiş ziyan məbləğlərinin ödənişi tələb olunacaqdır.

         “Azərpambıq ASK” hüquqi öhdəliklərin yerinə yetirilməsinin vacibliyini vurğulayaraq,  bütün fermerləri qanuni və şəffaf əməkdaşlığa dəvət edir.