“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin ixrac gəlirləri 75%-dən çox artıb
AİH-nin idarəetməsində olan “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-də (bundan sonra - Cəmiyyət) istehsal və emal proseslərinin modernləşdirilməsi və əməliyyat səmərəliliyinin artırılması istiqamətində aparılan islahatlar ixrac göstəricilərində də özünü göstərib.
2026-cı ilin ilk yarısında Cəmiyyətin ixrac həcmi 34 milyon ABŞ dollarına çatıb ki, bu da illik müqayisədə 75,26% artım deməkdir. Cəmiyyət dövlət müəssisələri arasında qeyri-neft ixracının həcminə görə ilk beşlikdə yer alıb.
Cəmiyyətdə məhsuldarlığın və keyfiyyətin artırılması məqsədli modernizasiya layihələri çərçivəsində Beyləqan Pambıq İstehsalı və Emalı Zavodunda həyata keçirilən modernizasiya nəticəsində istehsal olunan mahlıcın keyfiyyət göstəriciləri 50%-dən çox yaxşılaşdırılıb. Hazırda Biləsuvar Pambıq İstehsalı və Emalı Zavodunda modernizasiya işləri davam etdirilir.
Eyni zamanda pambıq dəyər zəncirinin genişləndirilməsi strategiyası çərçivəsində yaxın gələcəkdə ölkədə illik 15 min tonluq iplik və 40 min tonluq çiyid yağı emalı zavodlarının yaradılması potensial investisiya layihələri kimi qiymətləndirilir.
Cəmiyyətin fəaliyyəti təxminən 3 000 əməkdaşı və 3 152 fermeri əhatə edir. 2025-ci ildə Cəmiyyət tərəfindən 79 min tondan çox xam pambıq tədarük edilib.
Qarşıdakı dövrdə əsas hədəflərdən biri pambıq istehsalında orta məhsuldarlığın hər hektardan 5 tona çatdırılması, əlavə dəyər zəncirinin genişləndirilməsi və yeni ixrac bazarlarına çıxışın təmin edilməsidir.